REGİONLAR
Qəbələdə 19,5 min hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Qəbələ, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpininə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Əmirvan, Kürd, Dizaxlı kəndlərinin, Nic qəsəbəsinin ərazilərində 2 min hektaradək sahəyə arpa və buğda toxumu səpilib. Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 19,5 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Sektor müdiri bildirib ki, payızlıq dən bitkilərinin səpini üçün indiyədək 17 min hektardan çox sahədə şum qaldırılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 5 min tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb. Hazırda əkin sahələrində 34 ədəd şum traktoru, 12 taxılsəpən aqreqat və digər texnikalar işləyir. Torpaq mülkiyyətçiləri payız səpinini noyabrın sonunadək başa çatdırmağı planlaşdırırlar.