REGİONLAR
Qəbələdə 19,5 min hektarda payızlıq səpin aparılıb
Qəbələ, 23 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 14 min 360 hektarı buğda, 5 min 140 hektarı arpa olmaqla, 19 min 500 hektar sahəyə toxum səpiblər. Payızlıq dənli bitkilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 50 hektaradək artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 19 min 450 hektar taxıl sahəsindən 64 min 670 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 33,2 sentner məhsul götürülüb.
Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda yaş tütünün qurudulması prosesi də artıq yekunlaşmaq üzrədir. Bu il qəbələli fermerlər 35 hektarda tütün yetişdiriblər. İndiyədək rayonda 23 ton quru tütün istehsal olunub.