REGİONLAR
Qəbələdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilir
Qəbələ, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, faciənin ildönümü ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda, muzeylərdə anma mərasimləri, xatirə gecələri, konfranslar, idman yarışları, inşa yazı və rəsm müsabiqələri keçirilir, sərgilər təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhər 1 saylı tam orta məktəbdə keçirilən açıq dərslərdə şagirdlərə 20 Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə ətraflı məlumat verilib, bu hadisələrin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq tarixində şanlı bir səhifə olduğu xüsusi qeyd edilib. Faciənin ildönümü ilə əlaqədar məktəbdə təşkil edilən anım tədbirində 20 Yanvar gecəsində Azərbaycan xalqının, eyni zamanda, özünün qəhrəmanlığını, yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyi xüsusi vurğulanıb. Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman zalında rayonun məktəb komandaları arasında basketbol üzrə xatirə turniri təşkil olunub. Turnirin final oyununda meydan sahibləri və Mirzəbəyli kənd tam orta məktəbin komandası qarşılaşıblar. Oyun kənd məktəbi komandasının qələbəsi ilə başa çatıb.
Qanlı Yanvar hadisələrinin ildönümü ilə əlaqədar rayondakı Heydər Əliyev Mərkəzində “Unudulmayanlar” adlı sərgi də təşkil olunub. Sərgidə orta məktəb şagirdlərindən Jalə Əsgərova, Yusif Bəşirov, Həsən Məmmədov, Günel Qocayeva və Ləman Əliyevanın mövzu ilə bağlı rəsm əsərləri nümayiş etdirilib.
20 Yanvar faciəsinin ildönümü rayonun mədəniyyət müəssisələrində də silsilə tədbirlərlə qeyd olunur.