REGİONLAR
Qəbələdə 3210 hektar fındıq bağından 6300 ton məhsul yığılıb
Qəbələ, 5 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Fındıqçılıq Qəbələ rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur, kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri hesab olunur.
AZƏRTAC xəbər verir ki, rayonun meyvə bağlarında bol məhsul yetişdirən kəndlilər fındıq yığımını başa çatdırıblar. Rayon icra hakimiyyətindən verilən məlumata görə, Qəbələdə mövcud olan 3210 hektar fındıq bağından 6300 ton məhsul əldə edilib. Bu da ötən ilkindən 150 ton çoxdur. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə fındıq qəbulu məntəqələrinə də satırlar. Rayonda bir fındıq emalı zavodu, eləcə də kiçik fındıq emalı müəssisələri fəaliyyət göstərir. Bu da kəndlilərin ildən-ilə fındıq bağlarını genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.
Qeyd edək ki, bu il 45 hektar sahədə yeni fındıq bağı salınıb.