REGİONLAR
Qəbələdə “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda “dəyirmi masa” keçirilib
Qəbələ, 21 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə əsasən Qəbələ rayon Məşğulluq Mərkəzində “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov çıxış edərək, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının yüksəlişi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən danışıb. Natiq dövlətimizin başçısı İlham Əliyevin yorulmaz fəaliyyətindən bəhs edərək, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün respublikamızda sənaye potensialının artırılması, kənd təsərrüfatının inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul olunduğunu diqqətə çatdırıb.
Elxan Səlimov dövlət məşğulluq siyasətinin uğurla həyata keçirilməsində əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu işdə rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlar fəal iştirak etməlidir. Bildirilib ki, əmək yarmarkaları işsiz və işaxtaran vətəndaşların münasib işlə təmin olunmasında, eyni zamanda, işəgötürənlərin qısa vaxt ərzində ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsində böyük rol oynayır.
Toplantıda rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri çıxış edərək sosial tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə əhalinin məlumatlandırılması və təklif olunan vakansiyalar haqqında müntəzəm məlumat almaq imkanlarının genişləndirilməsi üçün yaradılmış vahid informasiya bazasının əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, işsiz vətəndaşların işlə təmin olunması və onların peşə hazırlığı məsələləri dövlətin diqqət mərkəzində saxlanılır.
Tədbirdə iştirakçıları maraqlandıran məsələlərlə bağlı suallar cavablandırılıb.