REGİONLAR
Qəbələdə Beynəlxalq Yoqa Günü qeyd olunub
Qəbələ, 18 iyun, AZƏRTAC
Azərbaycanda keçirilən 5-ci Yoqa və Sağlamlıq festivalı çərçivəsində Qəbələ şəhərində tədbir təşkil edilib.
Hindistanın ölkəmizdəki səfirliyinin təşəbbüsü və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qəbələnd” Əyləncə Mərkəzində təşkil olunan tədbir yoqa həvəskarlarını bu cərəyanın müxtəlif istiqamətləri ilə tanış etmək, onların yoqa haqqında məlumatlarını artırmaq məqsədi daşıyıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Tədbirdə bildirilib ki, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən qəbul edilmiş qətnaməyə əsasən, 2014-cü ildən başlayaraq hər il 21 iyun - Beynəlxalq Yoqa Günü kimi qeyd olunur. Qədim mədəniyyətə malik Hindistanda yüzilliklər boyunca ənənəyə çevrilmiş yoqa fəlsəfəsi digər ölkələr kimi, Azərbaycanda da çox məşhurlaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyeva yoqanın təbliğinə həsr olunmuş tədbirlərə, layihələrə, ustad dərslərin keçirilməsinə böyük dəstək verir. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş “Yoqa və düşüncənin gücü” kitabı Leyla xanımın təşəbbüsü ilə Azərbaycan dilinə də tərcümə olunub.
Tədbirdə iştirak edən Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən və hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarət olduğunu bildirib.
Sonra yoqa sessiyası başlayıb. Yoqa həvəskarları müxtəlif bədən hərəkətləri ilə proqram-məşğələni yerinə yetiriblər.