İDMAN


Qəbələdə FHN əməkdaşları arasında keçirilən beşnövçülük üzrə respublika çempionatına yekun vurulub

Bakı, 12 iyul, AZƏRTAC 

İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN İşçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan beşnövçülük üzrə respublika çempionatına yekun vurulub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yarışda nazirliyin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı mübarizə aparıb.

İdmançılar iyulun 9-dan 12-dək davam edən yarışda maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağadırmanma üzrə bacarıqlarını nümayiş etdiriblər. Əvvəlki illərdə ölkəmizdə bu yarışlar iki mərhələ üzrə keçirilsə də, artıq iki ildir ölkə çempionatının proqramına dağadırmanma, turnikdə güc çalışmaları və maneələr zolağı növləri də əlavə olunub. Bu idman növləri iştirakçılardan daha çətin şəraitdə güc və bacarıq nümayiş etdirmək, gərgin mübarizə aparmaq tələb edir.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın şəxsi birincilik mərhələsində FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənli qızıl, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təmsilçisi Məmməd Cəfərzadə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Orxan İsgəndərov bürünc medal qazanıblar.

Komanda hesabında isə FHN Akademiyasının təmsilçiləri birinci, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası ikinci, Mülki Müdafiə Qoşunlarının nümayəndələri üçüncü yeri tutublar.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev mükafatlandırma mərasimində çıxış edərək qaliblərə təbriklərini çatdırıblar. Çıxış edənlər Azərbaycanda hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar.

Sonda qaliblərə diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.