CƏMİYYƏT
Qəbələdə FHN-in qurumları arasında səmti müəyyənetmə idman növü üzrə keçirilən çempionata yekun vurulub
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 12-dən 14-dək Qəbələdə Fövqəladə Hallar Nazirliyinin qurumları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş səmti müəyyənetmə üzrə keçirilən çempionata yekun vurulub.
Yarış Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yarışın bağlanış mərasimində nazirliyin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar. Qeyd olunub ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyənetmə idman növü üzrə çempionatda nazirliyin müxtəlif qurumlarını təmsil edən 20 komandanın tərkibində 80-ə yaxın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışda FHN-in Mülki Müdafiə Qoşunlarının komandası birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası ikinci, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova ikinci, Mərkəzi Aparatın əməkdaşı Xatirə Şahverdi üçüncü yerə sahib olub. Kişilərin yarışında isə FHN-in Akademiyasının kursantı Özcan Kərimov birinci, Şimal-Qərb Regional Mərkəzinin əməkdaşı Nurlan Əhmədov ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Ehtiram Məmmədov üçüncü yerə çıxıb.
Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.