REGİONLAR


Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib VİDEO

Qəbələ, 25 iyun, AZƏRTAC

İyunun 25-də Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Altmış nəfər şəhid övladının iştirak etdiyi tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qəbələ şəhərində yerləşən Heydər Əliyev adına parka gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə əklil qoyublar. Sonra Qəbələ şəhərində yerləşən Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilib.

Daha sonra Qəbələ şəhərində Mülki müdafiə qoşunlarının alayında “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov və İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayevə yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələri əldə etməsində mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıblar.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 9-cu dəfədir təşkil olunur. Yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 9 regional mərkəzdən 15 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin şimal-qərb bölgəsindən 60 nəfər şəhid övladı da builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.

“Ümumrespublika birinciliyi Silahlı Qüvvələr Gününə təsadüf edir. Ümumiyyətlə bu yarış gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsinə, Azərbaycan gəncliyinin vətənpərvər ruhda, sağlam böyüməsinə də xidmət etmiş olacaq”, - deyə Mehman İsmayılov vurğulayıb.

Sonra yarışlara start verilib.

Yarışlar iyunun 30-a kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.