REGİONLAR
Qəbələdə “Günahsız günahkarlar” tamaşası nümayiş olunub
Qəbələ, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı Uşaq Teatrının hazırladığı və insan alverinə həsr edilən “Günahsız günahkarlar” tamaşası nümayiş olunub.
Tamaşada rayonun müxtəlif idarə və müəssisələrində çalışan gənclər, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın nümayişindən əvvəl Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanan tamaşanın əsas məqsədinin gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işini gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan tamaşaçılara insan alverinin törətdiyi fəsadlar barədə məlumat verib, gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam həyat və düşüncə tərzi seçmələri üçün valideynlərə daha məsuliyyətli olmalarını tövsiyə edib.
Real həyatda baş verən hadisələr əsasında hazırlanan tamaşa gənclər arasında məşhur olan “mafiya oyunu” üzərində qurulub. Gənclər yığışıb “mafiya” oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimdir.