Qəbələdə “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda tədbir keçirilmişdir
AzerTAg.az
Qəbələ, 9 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonda silsilə tədbirlərin reallaşdırıldığı barədə məlumat verilmişdir. Bu sırada rayon məktəbliləri arasında inşa, rəsm, bədii qiraət və ifa üzrə müsabiqələri, bilik və idman yarışlarını göstərmək olar.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin banisi, dahi şəxsiyyət, əvəzolunmaz siyasətçi və insan hüquqlarının etibarlı təminatını yaratmış böyük liderdir.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti, zəngin irsi barədə ətraflı məlumat verilmişdir. “Heydər Əliyev və müasir gənclik”, Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır”, “Heydər Əliyev və turizm” mövzusunda məruzələr dinlənilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, hər bir xalq öz qəhrəmanları, görkəmli şəxsiyyətləri ilə öyünür, onların yolu ilə gedir. Tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi insan Heydər Əliyev öz uzaqgörənliyi, zəkası, vətənpərvərliyi ilə həmişə hər birimizə örnək olacaqdır.
Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə və fotoşəkillərə baxmışlar.
Xəbərin mətnində orfoqrafik səhv var