ELM VƏ TƏHSİL
Qəbələdə “Karyera üçün təhsil” layihəsinin icrasına başlanılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Karyera üçün təhsil” layihəsinin icrasına başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Junior Achievement Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin məşğulluq imkanlarının artırılması, bacarıq və şəriştələrinin, həmçinin maliyyə savadlılığı və sahibkarlıq biliklərinin təkmilləşdirilməsidir.
Layihə çərçivəsində gənclərin gələcək karyeralarında uğur qazanmaları üçün peşəkar inkişaf təlimləri ilə yanaşı, karyera planlaşdırılması, marketinq, satış və digər sahələr üzrə peşəyönümlü təlimlər təşkil olunacaq.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Eldar Salahov gənclərin şəxsi və peşəkar inkişafının hazırkı əmək bazarı üçün önəmli olduğunu bildirib.
Təlimçi-ekspert Əzizağa Atakişiyev tərəfindən təlimlər “Müvəffəqiyyət bacarıqları”, “Maliyyə savadlılığı”, “Sahibkar ol” modulları əsasında aparılır. Ə.Atakişiyev təqdimatında layihə barədə geniş məlumat verib, öyrənilən bacarıqların gənclər üçün açdığı imkanlardan danışıb.
Layihənin sonunda keçiriləcək “Biznes günü”ndə iştirakçı gənclər sahibkarlıq bacarıqlarının nəticəsi olaraq öz biznes planlarını hazırlayıb təqdim edəcəklər.