İDMAN
Qəbələdə Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq “Qran-pri” yarışları başlayıb VİDEO
Qəbələ, 16 avqust (AZƏRTAC, Şahnəzər Bəşirov). “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq “Qran-pri” yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayonunun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan idmançıları iştirak edirlər.
Ümumi mükafat fondu 81 min ABŞ dolları olan yarışda 150–yə yaxın idmançı dairəvi və səngər stend Olimpiya atıcılıq növləri üzrə mübarizə aparır.
Yarışın ilk günündə qadın və kişilərdən ibarət komandalar Olimpiya atıcılıq növü olan dairəvi stend üzrə mübarizəyə başlayıblar. Dairəvi stend növü üzrə bu yarışda Azərbaycanı Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu olmuş Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, eləcə də tanınmış güllə atıcıları Xanhüseyn Bağırov, Elçin Babayev, Paşa Əhədpur və başqaları təmsil edirlər.
Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir.
Yarışlar avqustun 21-dək davam edəcək.