REGİONLAR
Qəbələdə “Öz peşəndə peşəkar ol!” adlı təlim təşkil edilib
Qəbələ, 25 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Öz peşəndə peşəkar ol!” adlı layihəsinin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində gənclər üçün növbəti təlim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilib. Mərkəzdə təhsil alan şagirdlər arasından seçilmiş 20 nəfər gənc üçün peşə bacarıqları, peşə növləri, peşə yönümü, peşə yönümünün məqsədləri, peşə seçiminin strategiyası, karyera planlaşdırılması, karyera bələdçiliyi, şəxsi səriştələrin artırılması və sahibkarlıq düşüncə tərzinin gənclər arasında təbliği mövzularında təlimlər keçirilib.
Qeyd edilib ki, layihənin həyata keçirilməsində məqsəd Göyçay, Qəbələ, İsmayıllı rayonlarından seçilən 60 nəfər gəncin peşə təhsilinə yiyələnməsinə, peşə ixtisası əldə etməsinə maraqlarını artırmaq, onların şəxsi, sosial səriştələrini və peşə bacarıqlarını inkişaf etdirmək, əmək bazarına çıxış imkanlarını dəstəkləmək, həmçinin məşğulluq probleminin həll olunmasına yardım göstərməkdən ibarətdir.