REGİONLAR
Qəbələdə “Qırx dörd günün Zəfəri” adli tədbir keçirilib
Qəbələ, 16 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 16-da Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar “Qırx dörd günün Zəfəri” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirdə muzeyin direktoru Bəxtiyar Vəliyev çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində düşmənə layiqli cavab verdiyini, Azərbaycan xalqının milli birlik, yenilməz güc göstərərək, xalq-iqtidar-ordu birliyinin sarsılmaz vəhdətinin bariz nümunəsini dünyaya nümayiş etdirdiyini bildirib.
Tədbirdə çıxış edən qazilər döyüş yollarından, eləcə də, arxa cəbhədə xalqımızın fədakar əməyindən, bu gün dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarna göstərilən diqqət və qayğıdan söz açıblar. “Vətənimizin sərhədləri nə qədər böyük olsa da, bizim Vətən məhəbbətimiz ondan da böyükdür”, - deyən qazilər həmin günlərin şanlı tarixini ruh yüksəkliyi ilə tədbir iştirakçılarına çatdırıblar.