REGİONLAR
Qəbələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd edilib
Qəbələ, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının səkkizinci ildönümü münasibətilə fevralın 13-də Qəbələ şəhərində keçirilən mərasimin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Ağayev çıxış edərək, SHXÇDX-nin ötən səkkiz il ərzindəki fəaliyyətinə qısa nəzər salıb, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən danışıb.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin tələb olunan səviyyədə icrasının təmin edilməsində SHXÇDX-nin rolunu yüksək qiymətləndirib, Xidmətin rayon şöbəsinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.