REGİONLAR
Qəbələdə Ulu Öndərin xatirəsinə həsr olunan turnirin qalibləri müəyyənləşib
Qəbələ, 7 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan minifutbol üzrə rayon turniri başa çatıb. Qəbələ rayon Gənclər və İdman İdarəsi, YAP Qəbələ rayon təşkilatı və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin komandaları mübarizə aparıblar.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində məqsəd Ulu Öndərin Azərbaycanın inkişafı yolunda gördüyü işləri, idman sahəsinə göstərdiyi diqqət və qayğını gənclərə çatdırmaq, eyni zamanda, rayonda idmanın kütləviliyinə nail olmaq, gənclər arasında futbol idman növünü təbliğ etməkdir.
Yekun nəticələrə əsasən, Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. Sonrakı yerləri şəhər 3 saylı və Mirzəbəyli kənd tam orta məktəblərin komandaları tutublar.
Turnirin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.