QAN YADDAŞI
Qəbələdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan turnirdə 20 stolüstü tennisçi mübarizə aparıb
Qəbələ, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Olimpiya İdman Kompleksində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan kişilər arasında stolüstü tennis üzrə turnirə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin tədbirlər planına əsasən keçirilən xatirə turnirində 20 stolüstü tennisçi mübarizə aparıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, turnirin açılış mərasimində idarənin rəisi Fəxri Soltanov çıxış edərək, Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirib. Qeyd olunub ki, turnirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı həqiqətlərini ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin yarış iştirakçılarının idman ustalıqlarını artırmaqdır.
Xatirə turnirində rayonun idarə və müəssisələrini təmsil edən stolüstü tennisçilər iştirak ediblər. Yarışın yekun nəticəsinə əsasən, Ramiz Mirkamalov turnirin qalibi adını qazanıb. Sonrakı yerləri Rübail Qarayev və Əli Hacıyev tutublar.
Turnirin qalibləri kubok və diplomlarla mükafatlandırılıblar.