REGİONLAR
Qəbələdə basketbol üzrə rayon turnirinin qalibləri müəyyənləşib
Qəbələ, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 27-də Qəbələ şəhərində 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr edilmiş basketbol idman növü üzrə gənclərdən ibarət komandalar arasında rayon turniri keçirilib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, rayonda basketbol idman növünü inkişaf etdirmək, yarış iştirakçılarının idman ustalıqlarını artırmaq, gənclər arasında sağlam həyat tərzini aşılamaqdır.
Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman zalında keçirilən turnirin açılışında rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, gəncləri qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb.
Yekun nəticələrə əsasən, şəhər 5 saylı tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. Qəbələ şəhər 1 və 3 saylı tam orta məktəblərin komandaları turniri ikinci və üçüncü pillədə başa vurublar.
Turnirin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.