CƏMİYYƏT
Qəbələdə bələdiyyə sədri ekoloji qanunvericiliyin tələblərini pozduğuna görə cərimələnib
Bakı, 14 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Qəbələ rayonu Vəndam Qəsəbə Bələdiyyəsi ərazisində məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Faktla bağlı Vəndam Qəsəbə Bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.