REGİONLAR
Qəbələdə buraxılış imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb
Qəbələ, 30 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qəbələ rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Qəbələ rayonunda 5 mərkəz ayrılıb. Buraxılış imtahanları Qəbələ şəhərindəki 1, 2, 3, 4 və 5 saylı tam orta məktəblərdə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq bütün imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
DİM Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə, 1069 nəfərin iştirak etməsinin nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 102 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 86 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.