CƏMİYYƏT
Qəbələdə dağlıq ərazidə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Xəbər verildiyi kimi, avqustun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsinin qeydə alınması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.
İlkin məlumata əsasən, ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.
Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.