REGİONLAR
Qəbələdə epizootiya əleyhinə aparılan profilaktik tədbirlər davam etdirilir
Bakı, 25 iyun, AZƏRTAC
Qəbələ rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Tədbirlər və təlimlər Qəbələ Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir.
Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəriüstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarəolunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məlumatına əsasən, Qəbələ rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.
İlin əvvəlindən aparılan tədbirlər zamanı 46 min 830 baş iribuynuzlu, 126 min 640 baş xırdabuynuzlu, 991 baş təkdırnaqlı heyvanda və 1072 baş donuzda qarayara, 3939 baş sahibli itdə quduzluq, 45 min 494 baş iribuynuzlu və 156 min 261 baş xırdabuynuzlu heyvanda dabaq, 2406 baş iribuynuzlu heyvanda leptospiroz, 70 min 920 baş xırdabuynuzlu heyvanda çiçək, 480 baş donuzda klassik taun, 42 min 126 baş iribuynuzluda nodulyar dermatit, 8088 baş xırdabuynuzlu və 242 baş xırdabuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də, bu dövr ərzində 582 min 560 baş (“H” ştammı ilə) quş və 660 min 615 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Baytarlıq idarəsi ilin əvvəlindən indiyə kimi baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən dezinfeksiya işlərini də gücləndirib. Belə ki, baytarlıq xidməti tərəfindən rayon ərazisində 35 min 400 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1356 baş iribuynuzlu və 154 baş xırdabuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, eləcə də, 300 baş iribuynuzlu heyvanda vərəm, 190 baş atda manqoya görə diaqnostik müayinə aparılıb. Heyvanlar arasında xəstəlik aşkar olunmayıb.
İdarə ilin əvvəlindən indiyədək 40 toyuqda askaridioza, 50 baş iribuynuzlu, 100 baş xırdabuynuzlu heyvanda diktikalyoza, 50 baş iribuynuzlu, 152 baş xırdabuynuzlu heyvanda fassiolyoza, 152 baş xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparıb.
Qəbələ rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə və müayinə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.