REGİONLAR
Qəbələdə erkən nikahın yaratdığı fəsadlar müzakirə edilib
Qəbələ, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Erkən nikahlar yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və rayon Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Erkən nikaha yox deyək!” adlı tədbirdə səsləndirilib.
Rayon Polis şöbəsi əməkdaşlarının və Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar, erkən nikahların fəsadları və sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Çıxış edənlər erkən nikahların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini önə çəkib, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini xüsusi vurğulayıblar.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçılara bukletlər paylanılıb.