REGİONLAR
Qəbələdə əsas kapitala 80,7 milyon manat investisiya yönəldilib
Qəbələ, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2019-cu ildə Qəbələ rayonunda əsas kapitala yönəldilən investisiyanın həcmi 80 milyon 708 min manat təşkil edib. İnvestisiyanın 78 milyon 821 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Tikinti işlərinin həcmi əvvəlki illə müqayisədə 15 milyon 956 min manat və ya 25,4 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
2019-cu ildə Vəndam qəsəbəsində gülçülük istixanası kompleksi, Qəbələ şəhərində “Azərxalça” ASC-nin filialı, “Azərişıq” ASC-nin 110/35/10 kilovoltluq elektrik yarımstansiyası istifadəyə verilib, həmçinin Qəbələ şəhərinin içməli su və kanalizasiya sistemi, Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx və Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolları yenidən qurulub. Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün 360 şagird yerlik yeni bina, Şəfili kəndində 20, Qaradeyin kəndində 80 şagird yerlik modul tipli məktəb binaları tikilərək istifadəyə verilib, Tikanlı kənd ümumi orta məktəbin binası əsaslı təmir olunub. Qəbələ şəhərinin 31 küçəsinə 197,7 min kvadratmetr asfalt örtük çəkilib.
Eyni zamanda, il ərzində 43 kilometrlik Ləki-Qəbələ dəmiryolunda və rayon mərkəzi xəstəxana kompleksində tikinti işləri davam etdirilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Nic qəsəbəsində və kəndlərdə 6 ədəd subartezian quyusu qazılıb.