REGİONLAR
Qəbələdə güllə atıcılığı üzrə zona yarışında 50-dək idmançı mübarizə aparıb
Qəbələ, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Stend Atıcılığı Mərkəzində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan güllə atıcılığı üzrə yeniyetmələr arasında zona mərhələsinin yarışları Oğuz rayonu təmsilçilərinin qələbəsi ilə başa çatıb. Qax rayonunun komandası yarışı ikinci pillədə başa vurub. Zona yarışında respublikanın 10 şəhər və rayonundan 50-dək idmançı mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülviyyə Hacıyeva və Qəbələ Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək respublikamızda idman sahəsinə göstərilən yüksək dövlət qayğısından danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıblar.
Bildirilib ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu yarışın əsas məqsədi respublikada idmanın güllə atıcılığı növünü inkişaf etdirmək, yeniyetmələrə sağlam həyat tərzini aşılamaq, onların idman ustalığını artırmaq və yığma komandalara namizədlər hazırlamaqdan ibarətdir.
Zona yarışında ilk yerləri tutan Oğuz və Qax rayonlarının komandaları respublika oyunlarının Sumqayıt şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.