REGİONLAR


Qəbələdə ilk dəfə olaraq lavanda gülü yetişdirilib REPORTAJ VİDEO

Qəbələ, 1 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Qəbələdə ilk dəfə olaraq lavanda gülü yetişdirilib. Bolqarıstandan gətirilərək dəmyə torpaqlarda becərilən lavandanın artıq yığımına başlanılıb. Antiseptik təsirə malik bu bitki kosmetika və tibdə də istifadə olunduğundan ixrac imkanları yüksəkdir.

AZƏRTAC xəbər verir ki, Qəbələnin Çuxur Qəbələ kəndində 10 hektar ərazidə əkilən lavanda məhsuldarlığı ilə yanaşı, həm də görünüşü ilə kəndə gələn qonaqların diqqətini çəkir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstəklənən təsərrüfatda bir neçə gündür könüllülərin də iştirakı ilə yığım aparılır.

Təsərrüfatın fəaliyyəti ilə bağlı könüllülərə geniş məlumat verildiyini söyləyən KOBİA-nın Qəbələ və Oğuz rayonları üzrə nümayəndəsi Qalib Nəbiyev deyib: “Könüllülərə lavanda məhsulundan hazırlanacaq, daxili və xarici bazarlara nəzərdə tutulmuş məhsullar haqqında da məlumat verilir. Onlar yığım prosesində iştirak etməklə həm praktik biliklər əldə edir, həm də sahibkarlara, fermerlərə ictimai dəstək göstərmiş olurlar”.

Lavanda yığımında yaxından iştirak edən könüllü Ələkbər Məmmədov bildirib ki, burada bitkinin yığımı, istifadəsi və onun əsas faydaları ilə bağlı məlumatlar əldə edib.

Gələcəkdə lavanda sahəsi daha 20 hektar artırılaraq 30 hektara çatdırılacaq. İstehsal olunan lavanda çiçəyindən isə aromatik lavanda yağı hazırlanacaq.

Layihə rəhbəri Samir Nağıyev ilkin olaraq toplanan lavanda çiçəklərdən aromatik yağın istehsal olunmasının nəzərdə tutulduğunu söyləyib: “Layihə çərçivəsində lavanda sahəsinin 30 hektara çatdırmağı düşünürük. Bundan sonra biz burada məhsulların hazırlanmasını da planlaşdırırıq. Lavanda çiçəyi ilə yanaşı, arıçılıq təsərrüfatını da inkişaf etdirməyi nəzərdə tutmuşuq. Lavandanın yığılmasında könüllülərlə yanaşı, gündəlik 40-50 nəfər kənd sakin də iştirak edir. Artıq 5 hektar sahədə 20 tona yaxın məhsul tədarük edilib. Ümumilikdə, sahələrdən 50 tondan çox lavanda gülü yığılacağı gözlənilir”.

Xatırladaq ki, vaxtilə lavanda bitkisi ticarət, mədəni və dini əhəmiyyət daşıyırdı. Qədim misirlilər onu müqəddəs Fiva bağlarında yetişdirirdilər. Misirdə mumiyaların balzamlanmasında istifadə edilən maddənin əsas komponentlərindən biri də lavanda olub. Ötən əsrin 20-ci illərində Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılıb. Buradan görünür ki, lavanda min illər boyu öz ətrini saxlaya bilir. Bundan əlavə, revmatizm xəstəliyinin, taxikardiya və miqren tutmaları zamanı lavanda yağı spirtdə həll olunaraq qəbul edilir. Lavanda qrip xəstəliyi zamanı müsbət təsir göstərir, oyanıqlığı azaldır, yuxusuzluğun, isterik reaksiyaların qarşısını alır, dəriyə müsbət təsir göstərir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, iltihab əleyhinə təsirinə görə sistit, uretrit və vaginitlərin müalicəsində istifadə edilir, şlakları orqanizmdən xaric edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.