REGİONLAR


Qəbələdə indiyədək 10 min hektardan çox taxıl sahəsinin məhsulu biçilib

Qəbələ, 4 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası davam edir. Bu günədək 4 min 300 hektar arpa və 5 min 800 hektar buğda sahəsinin məhsulu biçilib, 29 min 720 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, builki mövsümdə rayonda 19 min 502 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 6 min 135 hektarını arpa, 13 min 367 hektarını isə buğda sahələri təşkil edir. İndiyədək tədarük olunan taxılın 12 min 900 tonu arpa, 16 min 820 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 30 sentner, buğda sahələrindən isə 29 sentner məhsul götürülüb. Hazırda sahələrdə 52 kombayn işləyir.

Qurum rəsmisinin sözlərinə görə, rayonda barama tədarükü isə artıq başa çatıb. Kümçülər bu il qəbul məntəqəsinə 1254 kiloqram yaş barama təhvil veriblər.

Sektor müdiri bildirib ki, rayonun torpaq mülkiyyətçiləri cari mövsümdə 15 hektar sahədə tütün yetişdiriblər. Bu il təsərrüfatlarda əsasən yerli tütün sortları əkilib. Hazırda tütün sahələrində becərmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.