REGİONLAR
Qəbələdə keçirilən Beynəlxalq yarışa və Ümumrespublika birinciliyinə yekun vurulub VİDEO
Qəbələ, 30 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İyunun 30-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş “Gənc xilasedici” VI Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yekun tədbirdə iştirak edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov komandaların üzvləri ilə görüşərək, onların sıra, fiziki və taktiki hazırlıqları, geyimləri ilə tanış olublar.
Sonra gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş olunub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində şərti olaraq baş verən yanğının söndürülməsi, köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi əməliyyatı yerinə yetirilib.
Konqres Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, yarışlardan bəhs edən videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 7-ci dəfədir təşkil olunur. Bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə üç mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələləri üzrə təşkil olunub. Zona mərhələsində qalib gələn komandalar Ümumrespublika final yarışlarında iştirak hüququ əldə ediblər. Builki ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları mükafatlar uğrunda mübarizə aparıblar.
“Gənc xilasedici” VI Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Gürcüstan, Rumıniya və Qazaxıstan respublikalarının komandaları qüvvələrini sınayıblar. Moldova nümayəndə heyəti isə yarışları qonaq qismində izləyib.
Gənclər altı gün ərzində “Manelər zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələləri üzrə mübarizə aparıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri Qazaxıstan komandaları tutublar. Ümumrespublika birinciliyində isə ilk üç yeri müvafiq olaraq Bakı şəhəri Nizami rayonu 220 nömrəli tam orta məktəbin, Quba və Qax rayonlarının komandaları layiq görülüb.
Mükafatları qalib komandaların üzvlərinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə xatirə hədiyyələri verilib.
Sonda uşaqların ifasında rəngarəng musiqi nömrələri və rəqslər təqdim olunub.