REGİONLAR
Qəbələdə meyvəçilik inkişaf etdirilir
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələdə ənənəvi istehsal sahələrindən biri olan bağçılıq rayon iqtisadiyyatında xüsusi yer tutur. Burada konserv, limonad, fındıq, şərab və üzüm emalı zavodları kimi alıcı müəssisələrin fəaliyyət göstərməsi əhalinin bağçılığa olan marağını artırıb.
Son iki ildə rayonda 250 hektar sahədə qarışıq meyvə bağları, 130 hektar sahədə isə yeni fındıq bağları salınıb. Həmin bağların 130 hektarı “Gilan” MMC, 140 hektarı isə “İkar SB” MMC tərəfindən salınıb. Bağların qalan hissəsi isə fərdi təsərrüfat sahibləri tərəfindən ərsəyə gətirilib. Həmçinin bu il 5 hektar sahədə alma tingliyi, 6 hektar sahədə isə qoz-şabalıd cinslərindən ibarət plantasiyalar salınıb.
Hazırda rayonda 5653 hektar bar verən meyvə bağı mövcuddur və bu il ümumilikdə 23 min tona yaxın meyvə istehsalı gözlənilir. Bu günlər bağlarda meyvə yığımı davam edir və bu günədək 9950 ton məhsul tədarük olunub.
Bundan əlavə bu ilin payızında rayonda daha 50 hektar sahədə qarışıq meyvə bağlarının salınması nəzərdə tutulur.