REGİONLAR
Qəbələdə onlayn rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Qəbələ, 22 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə Respublika Gününə həsr olunan onlayn rəsm müsabiqəsinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə yeniyetmə və gənclər tərəfindən çəkilmiş 40 rəsm əsəri təqdim edilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, onların bədii yaradıcılıq potensialını üzə çıxarmaq, inkişaf etdirməkdir.
Onlayn şəkildə keçirilən müsabiqənin yekun nəticələrinə əsasən, Nigar Musayeva birinci, Nazənin Xəlilli və Nəzrin Məmmədova ikinci, Rəqsanə Şirinova, Teyyub Məhərrəmov və Çinar Abdullazadə üçüncü yerlərə layiq görülüblər.
Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi xüsusi karantin rejimi başa çatdıqdan sonra reallaşacaq.