REGİONLAR
Qəbələdə qanvermə aksiyası keçirilib
Qəbələ, 14 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayonunda növbəti dəfə qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Qan ver, həyatı xilas et” şüarı ilə keçirilən humanitar aksiyaya rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər qatılıblar.
Aksiya çərçivəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək üçün müraciət edən vətəndaşları müayinədən keçiriblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 180 nəfər vətəndaşdan qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.