REGİONLAR
Qəbələdə respublika fənn olimpiadasında uğur qazanan məktəblilərə hədiyyələr verilib
Qəbələ, 12 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunun ümumtəhsil məktəblərinin şagirdləri qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Onlar bu medallara bu il aprelin 22-də keçirilən respublika fənn olimpiadasında uğurla iştirak etdiklərinə görə layiq görülüblər.
AZƏRTAC xəbər verir ki, qalib şagirdlərlə keçirilən görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev olimpiadanın final mərhələsində müvəffəqiyyət qazanmış Qəbələ məktəblilərini təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan təhsil islahatlarından, dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, onların maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb və bütün bunların Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını diqqətə çatdırıb.
Görüşdə olimpiada qaliblərinə rayon icra hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, respublika fənn olimpiadasında Soltannuxa kənd tam orta məktəbin XI sinif şagirdi Elsun Rzayev riyaziyyat fənni üzrə qızıl medala, Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nigar Müzzəfərova coğrafiya fənni üzrə və həmin məktəbin IX sinif şagirdi Jalə Səfərəliyeva Azərbaycan dili fənni üzrə gümüş medallara, Həmzəli kənd tam orta məktəbin IX sinif şagirdi Turac Tahirova coğrafiya fənni üzrə gümüş medala, Zarağan kənd tam orta məktəbin XI sinif şagirdi Nilufər Cəbrayılbəyli Azərbaycan dili fənni üzrə bürünc, Məlikli kənd tam orta məktəbin XI sinif şagirdi Qönçə Bəxtiyarova kimya fənni üzrə bürünc, Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sona Pənahlı kimya fənni üzrə bürünc medallara layiq görülüblər.