REGİONLAR
Qəbələdə şəhidlərin xatirəsi ehtiramla anılıb
Qəbələ, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun, həmçinin digər şəhidlərin xatirəsi Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə iyulun 15-də keçirilən “Vətən sənə oğul deyir” adlı tədbirdə dərin ehtiramla anılıb.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, onlayn formada keçirilən tədbirin əvvəlində ermənilərin təxribatları nəticəsində qəhrəmancasına həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd olunub ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edərək növbəti dəfə təxribat törədiblər. Ermənistan tərəfinin təxribatlarına layiqincə cavab verən Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirərək, bir qarış torpağımızın belə düşmən əlinə keçməsinə imkan verməyiblər. Dövlət sərhədimiz qəhrəman hərbçilərimizin qanı, canı bahasına qorunub. Bu təxribat nəticəsində Azərbaycan hərbçiləri, həmçinin mülki şəxs həlak olub.
Vurğulanıb ki, döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və digər şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımız tezliklə düşməndən azad olunacaq.