REGİONLAR
Qəbələdə taxıl biçini kampaniyası başa çatmaq üzrədir
Qəbələ, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası sona yaxınlaşır. Cari mövsümdə rayonda 19 min 502 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulub. Taxıl əkinlərinin 6 min 135 hektarı arpa, 13 min 367 hektarı buğda sahələridir. Bu günədək 19 min 402 hektar sahənin məhsulu biçilib, 65 min 8 ton taxıl tədarük olunub. Hər hektarda orta məhsuldarlıq 33,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, indiyədək tədarük olunan taxılın 19 min 569 tonu arpa, 45 min 439 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 31,8 sentner, buğda sahələrindən isə 34,2 sentner məhsul götürülüb.
Təsərrüfatlarda, eyni zamanda, payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılmasına da başlanılıb. Qısa müddətdə 8 min hektaradək sahədə yay şumu qaldırılıb və bu iş davam etdirilir.