REGİONLAR
Qəbələdə udinlər Pasxa bayramını qeyd ediblər – REPORTAJ VİDEO
Qəbələ, 2 may, Rəşad Türkoğlu, AZƏRTAC
Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər. Nic qəsəbəsindəki Cotari kilsəsində təşkil olunan bayram mərasimində Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər.
AZƏRTAC xəbər verir ki, udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını vurğulayıb, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə kimi qeyd ediblər. Ötən illərdən fərqli olaraq pandemiya səbəbindən bu il kilsədə deyil, ətrafda şamlar yandırılıb, dualar oxunub. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya bilib. Robert Mobili qəsəbədə Azərbaycan Udi Ocağının yaradılmasını multkulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirib.
Alban-Udi Xristian dini icmasının sədr müavini Rafik Danakari deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. Rafik Danakari Cotari alban kilsəsinin əsaslı şəkildə bərpasının tolerantlığa gözəl nümunə olduğunu qeyd edərək bildirib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır. Bundan əlavə, ötən il Nic qəsəbəsində olan və sonuncu dəfə 12-ci əsrdə bərpa edilən ən qədim kilsələrdən biri Heydən Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub və bu il udilərin ixtiyarına verilib.
Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Şəhər tipli qəsəbə olan Nic qəsəbəsi dünyada udilərin kompakt yaşadığı yeganə yaşayış məntəqəsidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birilərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.