REGİONLAR
Qəbələdə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir
Qəbələ, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qəbələ rayonunda nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən mütəmadi olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə xüsusi olaraq çatdırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, avqustun ilk üç günündə rayonda 111 ticarət, həmçinin əhalinin daha çox müraciət etdiyi 185 digər təyinatlı obyektə baxış keçirilib. Reydlərin nəticəsi olaraq, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə bir nəfər Oğuz rayonu və bir nəfər Bakı şəhəri sakini, həmçinin 10 nəfər ictimai iaşə və 18 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 və 100 manat məbləğində cərimə olunub. Bundan əlavə, dünyasını dəyişmiş 6 mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri davam etdirilir.