REGİONLAR
Qəbələli 42 məzun qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib
Qəbələ, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bu il tam orta məktəbi bitirən 1140 nəfər qəbələli məzundan 42-si ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon Təhsil sektorundan məlumat verilib.
Bildirilib ki, qəbul imtahanlarında Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin məzunu Fidan Qismətli rayonun, eləcə də regionun təhsil müəssisələri arasında ən yüksək nəticə göstərib. Belə ki, o, birinci ixtisas qrupu üzrə imtahanlarda 690,6 bal toplayıb. İmtahanlarda Qəbələ şəhər 1 nömrəli tam orta məktəbin məzunu Natiq Məmmədov 689,2 bal, Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Tural Nurəddinli 677 bal, Aydınqışlaq kənd tam orta məktəbin məzunu İlkin Əhmədov 675,3 bal, şəhər 1 nömrəli tam orta məktəbin məzunu Sevda Muxtarova 673 bal, Həmzəli kənd tam orta məktəbin məzunu Şəhriyar Yusibov isə 670 bal toplamağa müvəffəq olublar.
Sevindirici haldır ki, ali məktəblərə qəbul imtahanlarında Qəbələ rayonunun 3 məzunu – Fidan Qismətli, Natiq Məmmədov və Sevda Muxtarova birinci ixtisas qrupu üzrə 400 balla maksimal nəticə göstəriblər.
Qurumdan bildirilib ki, təhsil aldığı müddətdə fərqləndiklərinə görə bu il məzunlardan 5-i qızıl, 1-i isə gümüş nişanla təltif olunub.
Qeyd edək ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar Qəbələ rayonunda da təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.