REGİONLAR
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
Qəbələ, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün əkilib. Qəbələli fermerlər cari mövsümdə 15 hektar “Virciniya” növlü ətirli, 24 hektar “Berley”, 36 hektarda isə “İmmunium” və digər növ yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər bu günədək sahələrdən 293 ton yaşıl tütün kütləsi yığıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verib.
Mərkəzin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov bildirib ki, uzun illər fasilədən sonra Qəbələdə artıq üçüncü ildir tütün əkilir. Tütün əsasən, rayonun Mamaylı, Ovcullu, Bayramkoxalı, Böyük Əmili və Ziring kəndlərində yetişdirilir. Cari mövsümdə tütünün əkilib becərilməsinə və yığımına 120 nəfərdən çox yerli sakin cəlb olunub. Ötən il rayonun fermerləri 70 hektar sahədən 100 tondan çox quru tütün əldə ediblər.