REGİONLAR


Qəbələli gənclər hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıblar

Qəbələ, 9 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələli gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə yollanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə iyulun 9-da Qəbələ şəhərində təntənəli mərasim keçirilib.

Rayon rəhbərliyi və çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində davam etdirilib. Mərasimi şöbənin rəisi, polkovnik Anar Ağabəyov açaraq, ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğullarının şücaətindən bəhs edib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov çağırışçı gənclərə Vətən qarşısındakı borclarını ləyaqətlə yerinə yetirməyi, ordu sıralarında şərəflə xidmət etməyi, hərbi biliklərə dərindən yiyələnməyi tövsiyə edib, sağ-salamat evə qayıtmalarını arzulayıb.

Mərasimdə rayon Ağsaqqallar Şurasının sədri Mehman İsmayılov, Birinci Qarabağ müharibəsi veteranları, Vətən müharibəsi qaziləri çıxış edərək, gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıblar.

Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.