REGİONLAR
Qəbələli gənclər udi mədəniyyəti ilə tanış olublar
Qəbələ, 16 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi rayon gənclərinə növbəti layihəni təqdim edib.
Nümayəndəliyin rəhbəri Teymur Alışanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Tarixdəki izimİZ” layihəsi çərçivəsində gənclər rayonun Nic qəsəbəsindəki Azərbaycan Udi Ocağında olublar. Layihənin keçirilməsində əsas məqsəd gəncləri rayonun tarixi ilə yaxından tanış etməkdir.
Qeyd edək ki, üç hektardan çox ərazisi olan açıq səma altındakı bu tarixi-etnoqrafik park-muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini özündə əks etdirir. Park-muzey ekspozisiya şəklində bir neçə etnoqrafik sahələrə bölünür. Evin içində və həyətində Qafqaz albanlarının varisləri olan udilərin həyatına aid müxtəlif ev əşyaları, bəzəklər, ənənəvi tikmələr, fotoşəkillər, sənədlər, kitablar, qədim paltar və geyimlər, müxtəlif dizaynlı arabalar, təkərlər, kotanlar və digər eksponatlar mövcuddur.
Tariximizin izlərini daha yaxından tanımaq və görmək gənclərdə zəngin təəssürat yaradıb.