REGİONLAR


Qəbələli təhsil işçisi: Xalqımız Ali Baş Komandana, müzəffər ordumuza inanır, güvənir

Qəbələ, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır və bu, danılmaz həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. Ermənistan silahlı qüvvələrinin son təxribatları nəticəsində Qarabağ bölgəsində yaranan gərginliyin məsuliyyəti birbaşa bu terrorçu ölkənin rəhbərliyinin üzərinə düşür. Erməni qəsbkarlarının bu təxribatlarının qarşısının alınması məqsədilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Ordusunun zəfər yürüşü işğal altında olan torpaqlarımızın tezliklə mənfur düşməndən azad olunacağına hamımızda böyük inam yaradır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin direktoru Ədilə Əliyeva söyləyib.

Ermənistan tərəfinin xahişi ilə elan edilən humanitar atəşkəsin düşmənin özü tərəfindən məqsədyönlü şəkildə pozulduğunu bildirən rayon ziyalısı deyib: “Ermənistan dövləti özünün təcavüzkar mahiyyətini Gəncə şəhərinə endirdiyi raket zərbəsi ilə bir daha bütün dünyaya sübut etdi. Mənfur düşmən müharibə bölgəsindən xeyli aralıda yerləşən Gəncə şəhərini raket atəşinə tutmaqla, dinc əhalini qətlə yetirməklə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını yenidən kobudcasına pozmuş oldu. Düşməndən fərqli olaraq, hazırda Azərbaycan Silahlı Qüvvələri bütün cəbhəboyu humanitar atəşkəsə tam riayət edir”.

Qarabağ cəbhəsindən gələn qələbə xəbərlərini böyük qürur hissi ilə izlədiklərini bildirən təhsil işçisi deyib: “Xalqımız Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna inanır, güvənir. Bu gün işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Bu, qələbəyə inamımızı daha da artırır. Artıq bir sıra ölkələr Azərbaycanın haqq işinə dəstək olduqlarını bildirir, Ermənistanın təcavüzkarlıq siyasətini qətiyyətlə pisləyirlər. Bu çətin günlərdə qardaş Türkiyə dövlətinin Azərbaycanın yanında olması xüsusilə qürurvericidir. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün bütün istiqamətlərdə öz təsdiqini tapır. İki qardaş ölkə arasında münasibətlər gündən-günə daha da möhkəmlənir, sarsılmaz olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.