REGİONLAR


Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd edilib

Qəbələ, 8 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Dünyanın pravoslav xristianları tərəfindən qeyd edilən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə yanvarın 7-də Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” alban kilsəsində bayram mərasimi keçirilib.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərasimdə Alban-udi icmasının rəhbəri Robert Mobili, kilsənin keşişi Rafik Danakari və icmanın üzvləri çıxış edərək, Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıblar. Çıxış edənlər Nic qəsəbəsinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, bayram münasibətilə təbriklər səsləndiriblər. Qeyd olunub ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Tədbirdə çıxış edən udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını vurğulayıblar. Bildirilib ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. “Cotari” alban kilsəsində və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən "Müqəddəs Məryəm Ana" (Bulun) məbədində 2020-ci ildə aparılan təmir-bərpa işləri ölkədə tolerantlıq mühitinin olduğuna gözəl nümunədir.

Mərasimdə Vətən müharibəsi qazilərinə bayram münasibətilə hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.