REGİONLAR
Qəbələnin arpa sahələrində orta məhsuldarlıq 25 sentner təşkil edir
Qəbələ, 22 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Dizaxlı, Kürd, Böyük Əmili kəndlərinin və Nic qəsəbəsinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 810 hektaradək sahənin arpası biçilib, 2 min tondan çox məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, builki mövsümdə rayonda 19 min 500 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 6 min 135 hektarını arpa, 13 min 365 hektarını isə buğda sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlığın daha da artacağı gözlənilir.
Taxıl biçininin mütəşəkkil keçirilməsini təmin etmək üçün Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb. Hazırda sahələrdə 16 kombayn işləyir. Zərurət yaranarsa, biçinə ətraf rayonlardan əlavə kombaynlar da cəlb olunacaq.