REGİONLAR
Qəbələnin fındıq bağlarından 9310 ton məhsul tədarük olunub
Qəbələ, 5 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qəbələ rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Görülmüş tədbirlər öz müsbət nəticəsini göstərməkdədir. Belə ki, bu il rayonun fındıq bağlarından 9 min 310 məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 110 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Qurum rəsmisi bildirib ki, son illər rayon ərazisində 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud bağların sahəsi 6 min 889 hektara çatdırılıb. Bu bağların 4 min 827 hektarı barverəndir. Təkcə bu ilin yazında rayon ərazisində 237 hektarda yeni fındıq bağları salınıb. İlin sonunadək daha 101 hektarda yeni bağların salınması nəzərdə tutulur.