REGİONLAR


Qəbələnin otel və mehmanxanaları 3 ayda 20 mindən çox turistə xidmət göstərib

Qəbələ, 21 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 20 min 286 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 19 min 467 nəfəri və ya 96 faizi Azərbaycan, 819 nəfəri və ya 4 faizi xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.

İdarə rəisinin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən 2020-ci ilin mart ayından etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması, həmçinin Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunması Qəbələnin turizm sektoruna da öz mənfi təsirini göstərib. Xüsusilə, əcnəbi turistlərin sayında əvvəlki illə müqayisədə xeyli azalma müşahidə olunub.

Ümumiyyətlə, ötən il Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 6 min 101 nəfər və ya 23,1 faiz azalıb. İlin ilk üç ayında yerli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1655 nəfər və ya 9,3 faiz artsa da, əcnəbi turistlərin sayında 7756 nəfər və ya 90,4 faiz azalma qeydə alınıb.

İdarə rəisinin sözlərinə görə, cari ilin yanvar-mart aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 274 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin birinci rübündə bu qədim diyara Rusiyadan 109 nəfər, Ukraynadan 48, ABŞ-dan 43, Böyük Britaniyadan 41, İsraildən 38, İrandan 29, Hindistandan isə 20 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 217 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Ötən dövrdə Qəbələnin turizm obyektlərində 922 işçi çalışıb. Onlardan 195 nəfərini qadınlar, 58 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 12 nəfərini isə əcnəbi işçilər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.