ELM VƏ TƏHSİL
Qəbul imtahanında iştirak etmiş kollec məzunları subbakalavr kimi qeydiyyatdan keçə bilər
Bakı, 22 may, AZƏRTAC
Qəbul imtahanında iştirak etmiş kollec məzunları subbakalavr kimi qeydiyyatdan keçə bilər. İyulun 1-dək subbakalavrların Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçmək imkanları var. Müsahibədə həm subbakalavr, həm də abituriyent kimi iştirak etməyə icazə verilir.
AZƏRTAC xəbər verir ki, bunu DİM-in təşkil etdiyi canlı yayımda Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə sualları cavablandırarkən deyib.
Xatırladaq ki, kollec məzunu subbakalavr kimi qeydiyyatdan keçmək üçün Mərkəzin saytına daxil olaraq orada “Şəxsi kabinet” yaratmalı (əgər yoxdursa), sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq etməlidir. Təhsil məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavr elektron ərizəsini təsdiq etməlidir.
Canlı yayıma həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat verilib.