CƏMİYYƏT
Qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər bu uğurun qazanılmasının qürurverici olduğunu vurğulayıblar
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində builki qəbul imtahanlarında ən yüksən nəticə göstərərək 700 bal toplamış gənclərlə görüş keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.
R.Məmmədov bildirib ki, hazırda təhsilin bütün pillələrində yeni layihələrin, islahatların reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyevin siyasətində insan kapitalının inkişafı mühüm yer tutur. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə gənclərin yüksək təhsil alması üçün bütün imkanlar yaradılıb. Qəbul imtahanlarında gənclərin yüksək nəticələr qazanması da bu reallığın ifadəsidir.
YAP-ın da gəncliyin inkişafı üçün önəmli layihələr reallaşdırdığını deyən R.Məmmədov partiyanın sıralarında intellektual gənclər ordusunun birləşdiyini diqqətə çatdırıb. O, partiyanın və onun Gənclər Birliyinin bütün gənclərlə əməkdaşlığa və onlara hər zaman dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə, həmçinin YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov çıxış edərək gənclərə ali təhsillərində uğurlar arzulayıblar.
Qəbul imtahanlarında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayev belə uğurun qazanılmasının qürurverici olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, bu nailiyyətin qazanılmasının əsasında Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı dayanır. Yeddi yüz bal toplamış gənclər gələcəkdə YAP sıralarına qoşulmaları və partiyanın Gənclər Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətlərini də ifadə ediblər.
Görüşün sonunda 700 bal toplamış gənclərə YAP tərəfindən “Notebook” hədiyyə olunub.