REGİONLAR
Qəbul imtahanlarında yüksək nəticə göstərən tərtərli gənclər mükafatlandırılıblar
Tərtər, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Tərtər rayonunun orta ümumtəhsil məktəblərini bitirən 597 məzundan 371-i ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 177 nəfər ali məktəblərə qəbul olub. Gənclərdən 14 nəfəri 500-600 arası, 2 nəfər isə 600-dən yuxarı bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Tərtər şəhərindəki Heydər Əliyev adına parkda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərən rayon gəncləri ilə keçirilən görüşdə səsləndirilib. Açıq səma altında, karantin rejiminin şərtlərinə əməl etməklə keçirilən görüşdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, təhsildə və gələcək həyatda uğurlar diləyib, daim öz üzərlərində işləməyi, seçdikləri ixtisaslara dərindən yiyələnməyi, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə ediblər.
Çıxışlarda ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan bəhs edilib. Bildirilib ki, ölkəmizin sürətli-iqtisadi tərəqqisinin nəticəsi olaraq digər sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişafa nail olunub. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəblər inşa edilir, mövcud məktəblər təmir olunur və ya yenidən qurulur. Milli təhsilin dünya standartlarına cavab verməsi məqsədilə informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində də genişmiqyaslı işlər görülür. Diqqətə çatdırılıb ki, koronavirus pandemiyasına baxmayaraq, yeni dərs ili ərəfəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın respublikamızın bir neçə təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olması, tövsiyələrini verməsi təhsilə göstərilən qayğı və diqqətin bariz nümunəsidir.
Qeyd olunub ki, respublikanın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Rayonun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai, Poladlı və Zolgəran kəndlərində isə 56 yerlik ümumi orta məktəbləri üçün modul tipli binaların tikintisi başa çatdırılıb. Rayonun Azad Qaraqoyunlu, İsmayılbəyli, Soyulan, şəhər 5 saylı tam orta məktəbləri üçün yeni binaların tikintisi, Bəyimsarov kənd tam orta məktəbinin əsaslı təmiri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınıb. Tərtər şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi üçün layihə smeta sənədləri hazırlanıb.
Gənclər tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, sevinclərini bölüşüblər. Sonda tələbələrə fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.