SİYASƏT
Qədim Bərdə müstəqillik illərində: Qarabağın bu dilbər guşəsi yeni inkişaf dövrünü yaşayır FOTOKOMPOZİSİYA
Bərdə, 22 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçir. Müstəqilliyin ilk illəri xalqımız və dövlətimiz üçün kəşməkəşli olsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib. Azərbaycanın bütün bölgələri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ölkəmizin digər bölgələrində olduğu kimi, Bərdədə də bütün sahələrdə tərəqqiyə nail olunub, şəhər və kəndlərin siması tanınmaz dərəcədə dəyişib. Son 12 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 5 dəfə, sənaye məhsulu istehsalı 4,5 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3,3 dəfə, tikinti-quruculuq işlərinin həcmi 13,3 dəfə artıb. Rayonda yeni sənaye obyektləri yaradılıb, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri həyata keçirilib, bir sıra mühüm sosial-iqtisadi və infrastruktur layihələri icra olunub. Yeni salınan Qəhrəmanlar parkı, Nüşabə parkı və Tərtər çayı sahilində yaradılan park-bulvar Bərdəyə xüsusi yaraşıq verir. Bir sözlə, qədim Bərdə müasir və abad bir şəhərə çevrilib.
Müstəqillik dövründə Bərdə şəhərində Heydər Əliyev Mərkəzi, Mərkəzi Meydan və Bayraq Meydanı, Olimpiya İdman Kompleksi, üzgüçülük hovuzu, uşaq xəstəxanasının 60 çarpayılıq korpusu, Müalicə Diaqnostika Mərkəzi, avtovağzal kompleksi, regional “ASAN xidmət” mərkəzi kimi mühüm obyektlər, həmçinin bir sıra təşkilatlar üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib. Qarabağ əlilləri və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası, məcburi köçkünlər üçün Təhlə kəndində 195 ailəlik qəsəbə, Həsənqaya kəndində 866 və 588 ailəlik yaşayış məhəllələri, “N” saylı hərbi hissə üçün şəhərcik inşa olunub. Rayonun 110 yaşayış məntəqəsinin 102-si qazlaşdırılıb.
Bu illərdə məktəb tikintisi də geniş vüsət alıb. Rayonda 6980 şagird yerlik 20 ümumtəhsil məktəbinin, uşaq incəsənət və musiqi məktəblərinin yeni binaları pedaqoji kollektivlərin və şagirdlərin sərəncamına verilib.
Bərdənin yol infrastrukturu da əsaslı şəkildə yenilənib. Əyricə kənd yolunda Tərtər çayı üzərində yeni körpü salınıb, Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı və Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolları, şəhərin prospekt və küçələri yenidən qurulub.
Rayon sakinlərinin müasir tibbi xidmətlə əhatə olunması istiqamətində önəmli tədbirlər həyata keçirilir. Əsaslı şəkildə yenidən qurulan ağciyər xəstəlikləri xəstəxanası, doğum evi, mərkəzi xəstəxananın iki korpusu müasir tibbi avadanlıqlarla təmin edilib.
Bərdənin iqtisadi həyatında da böyük canlanma və irəliləyiş müşahidə olunur. Rayonda müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq logistik mərkəz, hər birinin tutumu 10 min ton olan iki taxıl anbarı, 5200 başlıq dörd heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı, qüvvəli yem, süd emalı, çörək və şirniyyat istehsalı müəssisələri, ət kəsimi məntəqəsi, “CTS-Aqro” MMC-nin pambıqtəmizləmə zavodu, “Aqrolizinq”in logistik bazası, biolaboratoriya inşa edilib. “Qarabağ pambıqtəmizləmə” və “Bərdə-Çörək” ASC yenidən qurularaq müasir texnologiya ilə təchiz olunub.
Hazırda Kənd Təsərrüfatı İdarəsinin, Toxum Müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət və Gənclər mərkəzlərinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Yeni Daşkənd-Umudalılar, Bərdə-Ağcabədi avtomobil yollarının tikintisi davam etdirilir. Şəhər 2, 5 və 6 nömrəli, Xanqaraqoyunlu kənd tam orta məktəbləri əsaslı təmir olunur, “Bərdə” türbəsində bərpa işləri aparılır.
Qədim Bərdə bu gün özünün yeni həyatını, inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, regionların inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində Bərdə şəhəri gündən-günə gözəlləşir.